20 April 2017
  • 242 ნახვა

Qədim Tiflisin qədim cizgiləri- Müqəddəs David dağı (Şeyx Sənan dağı)

Müqəddəs David dağı (Şeyx Sənan dağı)   – Mtasminda dağının ətəyində yerləşən kilsə və onun həndəvərləri belə adlanır. Gürcülər arasında yayılan əfsanəyə görə, VI əsrdə Suriyadan gələn 13 nəfər keşişdən biri olan David      dinə qulluq etmək məqsədi ilə bu yeri seçir. Belə ki, onlar Gürcüstanda sonralar xristianlığı yaymaq missiyasını öz üzərilərinə götürürlər. David burada ziyarətgah tikir. Platon İoselianinin verdiyi məlumata görə, Davidin ziyarətgahı olduğu yerdə 9-cu əsrdə Müqəddəs Məryəm kilsəsi tikilir. 1542-ci ildə bu yerdə rahib olan qardaşlar David və Nikolay Qabaşvililər «Müqəddəs David» adına yeni kilsə tikirlər. 16-cı əsrin sonunda Afinadan gələn rahiblər müqəddəs Afina dağı adı ilə onu yenidən tikirlər. Bu kilsə sonralar uzun müddət bərbad halda qalır. 1810-cu ildə II Anton burada yeni kilsə inşa edir. Bizim vaxtımıza kimi gəlib çatan kilsə ötən əsrin 70-ci illərində tikilmişdir. Azərbaycanlılar arasında isə onunla bağlı belə bir əfsanə mövcuddur:

Sənan Turanda anadan olmuşdur. Bir müddət İranda yaşamış, sonra Ərəbistana getmiş, dini təhsil almışdır. Müəllimi şeyx Kəbir öldükdən sonra bir müddət onu əvəz edir. Sonra qırx yaşında ikən uzun bir səfərə çıxır. İran və Qafqazı gəzərkən şeyx Sənan başqa şeyx yoldaşları ilə birlikdə Tiflisə gəlir. Xəyalında arzuladığı qızı burada tapır. Bu qız gürcü knyazının qızı Xumardır. O, müridləri Ərəbis­tana qaytarır. Xumarın atası ondan müsəlmanlıqdan çıxmağı, boynuna xaç taxmağı, şərab içməyi tələb edir. O, iki ildən sonra Xumara qovuşmaq şərti ilə onun donuzlarını otarır. Lakin o, xristian keşişinin təhriki ilə Sənana verdiyi vədindən dönür. Nəha­yət, Xumar hər şeyi atıb Sənanın dalınca gedir, hər ikisi özünü Kürə atır. Şeyx Sənan mü­qəddəs David da­ğında dəfn olunur. Azərbaycanın görkəmli şairi Hüseyn Cavid həmin əsatir əsasında «Şeyx Sənan» pyesini və «Şeyx Sənan» şeirini yazmışdır.

 

                               Türbəsi önündə

   

           Oyan, ey piri-xoşdil! Qalx, ayıl bir xabi-rahətdən!

           Qiyamətdir, qiyamət!.. Qalx, oyan, zövq al bu

fürsətdən.

 

           Mələklər göydən enmiş, feyz alırlar xaki-pakindən,

           Seçilməz şimdi əsla məqbərin gülzari-cənnətdən.

 

           Donanmış hər tərəf pürşölə ulduzlarla... caizdir

           Ki Tiflis ərş pürəxtərlə dəm vursun rəqabətdən.

 

           Ayıl ey şeyxi-vəcdavər! Ayıl, bax gör nə aləmdir?

           Cahan sərməst olub rəqs eyliyor şövqü şətarətdən.

 

           Uyub sən bir mələk simayə satdın dini, imanı;

           Atıb ehkami-quranı, uzaqlaşdın təriqətdən.

 

           Fəqət xoş bir təriqət qoydun, əsla məhv olub

getməz,

           Cahan durduqca parlar, yüksəlir, düşməz

təravətdən.

 

           Ziyarətgahını gülbusələr təzyin edər hər an,

           Sən əhli-eşq için bir kəbə yapdırdın məhəbbətdən.

 

           «Nədir mənası eşqin?!» söyləyənlər nerdə?

Bir gəlsin,

           Görüb qüdsiyyəti-Sənanı, lal olsun xəcalətdən.

 

           Məhəbbətsiz bütün mənayi-xilqət şübhəsiz heçdir;

           Məhəbbətdir əvət, məqsəd şu pürəfsanə xilqətdən.

 

Mirzə Cəlil öz xatirələrində bu barədə yazır: «Bunu lazım bilirəm deyəm ki, o vaxtlar mən Tiflisdə gürcü məhəlləsində Şeyx Sənan (Indiki Besiki- M.M.) küçəsində olurdum. Rusca həmin küçənin adı David küçəsi (idi). Çün xaçpərəstlər istilahında müqəddəs Davud - Şeyx Sənan deməkdir. Bizim məhəllə dağ ətəyində idi. Və bizdən yuxarı, dağın şəhərə enən tərəfində müqəddəs Davudun məbədgahı da vardır. Şeyx Sənan gürcü qızına aşiq olduğu yer haman yerdir».

მსგავსი