20 April 2017
  • 607 ნახვა

Görarxı elinin qəhrəman oğlu Əmrah Aslanov

Böyük Vətən Müharibəsi iştirakçısı, Şöhrət ordeninin tam kavaleri Əmrah Qara oğlu Aslanov 1920-ci il dekabr ayının 5-də Marneuli rayonundakı Görarxı elinin Təzəkənd kəndində kəndli ailəsində anadan olmuşdur. O, 3 sinif bitirmişdi və kolxozda briqadir işləyirdi.

1941-ci ilin may ayında Əmrah Qara oğlu Aslanov əsgəri xidmətə çağırılır. Bir müddət Armavirdə qalır, sonra 102-ci atıcı alayına qatılır. Böyük Vətən müharibəsi başlayanda onları Smolenskə göndərirlər. İlk döyüşdə ağır yaralanan Əmrah Aslanov müalicə olunub yenidən döyüşən orduya qayıdır. Oktyabr ayından onu kəşfiyyata cəlb edirlər.

2-ci Belarus cəbhəsi tərkibində Berlinə qədər döyüş yolu keçir. Ukrayna SSR-də Rava Russkaya şəhərində sərhəd döyüşlərində starşina Əmrah Aslanov qəhrəmanlıqla vuruşmuşdur.

Hal-hazırda Rava Russkaya şəhərindəki 2 saylı, Vilnüs şəhərindəki 27 saylı məktəblər onun adını daşıyır.

1944-cü ildə müharibənin qızğın dövründə Ukraynanın Lvov şəhərində Əmrah Aslanov və digər döyüşçülərə “dil” gətirmək əmri verilir. Aslanov bir alman zabitini yaxalayıb hissəyə gətirir. Gətirdiyi bu “dil”ə görə III dərəcəli “Şöhrət” ordeni ilə təltif olunur. Ə. Aslanovun igidliyi hər yana yayılır. Kəşfiyyatçı kimi hamının sevimlisi olur.

1945-ci ilin qışında kəşfiyyatçı Aslanov daha çətin və məsul tapşırıq alır. Onlar strateji əhəmiyyəti olan körpünü və düşmən silahlarını daşıyan qatarı partlatmalı idilər. İki gün ərzində hazırlanan əməliyyat müvəffəqiyyətlə yerinə yetirilir.

1945-ci il yanvarın 22-də Belarusun II cəbhəsinin üçüncü kavaleriya korpusunun VI qvardiya kavaleriya diviziyasının döyüşçüsü Əmrah Aslanov Alenşteyn şəhəri yaxınlığında  gedən döyüşlərdə düşmənin 4 əsgərini məhv edir və üç nəfərini əsir götürür. Yolun minalardan təmzlənməsi zamanı isə 8 tanka qarşı mərmini zərərsizləşdirir.

Göstərdiyi bu igidlik və şücaətə görə kəşfiyyatçı Əmrah Aslanov II dərəcəli “Şöhrət” ordeni ilə təltif olunur.

1945-ci ilin aprelində Anqurmüyende yaşayış məntəqəsinin şimal qərbində döyüşən Əmrah Aslanov öz məsləkdaşları ilə birlikdə düşmənin üç tanka qarşı qurğusunu sıradan çıxarır, şəxsən 33 mərmini zərərsizləşdirir.

Əmrah Aslanov SSRİ Ali Sovetinin Rəyasət Heyətinin 1945-ci il 29 iyun tarixli qərarına əsasən göstərdikləri igidliklərə görə I dəərəcəli “Şöhrət” ordeninə layiq görülür. Sovet İttifaqında  2457, Gürcüstanda isə 22 nəfər “Şöhrət” ordeninin  hər üç dərəcəsi ilə təltif olunanlardan biri də Əmrah Qara oğlu Aslanovdur.

Əmrah Aslanov müharibəni Budapeşt yaxınlığında başa çatdırır.

Alman torpağında zəfərli döyüşləri davam etdirməkdə olan 2-ci Belarus cəbhəsi qoşunları Elba çayı üzərində Toroqoy şəhəri yaxınlığında müttəfiqlərin qoşunları ilə görüşürlər. 1945-ci il aprel ayının 25-də baş verən bu tarixi görüşün iştirakçılarından, şahidi olanlardan biri də üç “Şöhrət” ordenli starşina Əmrah Aslanov idi.

Avropada faşist Almaniyasına qarşı aparılan müharibə zəfərlə başa çatdıqdan sonra 1945-ci il uyun ayının 24-də Moskvada qələbə paradı keçirilir. Bu paradda seçmə hərbi hissələrlə birlikdə “Şöhrət” ordeninin üç dərəcəsi ilə təltif edilmiş əsgərlər, o cümlədən qəhrəman eloğlumuz Əmrah Aslanov da iştirak edir, paraddan keçir.

O, 1946-cı il may ayının 23-də ordudan tərxis olunub vətəni Gürcüstana - Borçalya qayıdır.

Əmrah Qara Qara oğlu Aslanov həmçinin “Moskvanın müdafiəsinə görə”, “Keninsberqin alınmasına görə”, “Almaniya üzərində qələbəyə görə”, “Əmək veteranı” və s. medallarla da təltif edilmişdir.

Bu qəhrəman həmyerlimiz 1982-ci ildə dünyasını dəyişmişdir.

“Əsgər şöhrəti” (Moskva, 1967-ci il), “Vətən uğrunda döyüşlərdə” (Tbilisi, 1978-ci il)  kitablarında, müxtəlif məcmuələrdə, dövri mətbuat orqanlarında onun haqqında çox yazılmış və yazılmaqdadır.

Azərbaycan Sovet Ensiklopediyasında ona xüsusi yer ayrılmışdır. Gürcüstanın Marneuli rayonundakı Təzəkənd orta məktəbi onun adını daşıyır və qarşısında onun büstü qoyulub.

                                                                                                         Hörmətlə: Mirzə Məmmədoğlu                                                                                                                                                                                                                                        

მსგავსი