16 May 2017
  • 173 ნახვა

Azərbaycan Xalq Cümhuriyyəti ordusunun şanlı generallarından biri Firidun Vəzirov

Məşhur hərbi xadim, Rusiyanın imperator qüvvələrinin general-mayoru Firidun bəy Camalbəy oğlu Vəzirov 1850-ci il aprelin 19-da Tiflis şəhərində zadəgan ailəsində anadan olmuşdur. Atası Camal bəy Mirzə İsmayıl oğlu Tiflisdə məhkəmə iclasçısı, anası Əsmət xanım evdar qadın idi. Firidun bəy ilk təhsilini Tiflis klassik ginaziyasında almışdır. 1868-ci ildə Yelizavetqraddakı yunkerlər məktəbini ikinci dərəcə ilə bitirərək, Belarusun 7-ci qusarlar alayında unter zabit kimi xidmətə başlamışdır. Həmin vaxtlar Firidun bəy ailə qurmaq niyyətində olur. Onun sevgilisi litvalı azərbaycanlı qadın Zinaida Kriçinskaya olur. Qaynanası ona yeni müsəlman adı - Zeynəb adını verir.

1877-ci il aprelin 12-də Rusiya-Türkiyə ikiillik müharibəsi başlayır. Bu müharibədə Şərq, Qafqaz cəbhəsində Firidun bəy də mübarizə aparır. 1877-ci ildə Tver-Draqun alayında  xidmət edən rotmistr Firidun bəyi dördüncü eskadrona komandir təyin edirlər. Onun komandirlik etdiyi eskadron avqusun 19-dan sentyabrın 8-dək Odessa şəhəri yaxınlığındakı Mehmetçi, Dobruji, Çobanköyü, Hacıoğlu, Bazar düzü kəndlərini düşməndən təmizləyir. Bu müharibədə komandirlik  qabiliyyətinə görə onu bürünc medalla, həm də Üçüncü Aleksandrın imperatorluğunun ildönümü şərəfinə gümüş medalla mükafatlandırırlar.  Müharibədən sonra xidmət etdiyi yeni ikinci Qafqaz kavaleriya diviziyasına dəyişdirilən podpolkovnik Firidun bəy Vəzirovu əlavə zabit kimi Qafqaz-Hərbi Dairə Məhkəməsinin üzvü seçirlər.

1897-ci il oktaybın 13-də polkovnik rütbəsinə layiq görülən Firidun bəy iki il sonra onuncu Novotroski draqun alayına komandir təyin olunur. Bir müddət Varşava, Rılski və başqa şəhərlərdə hərbi xidmətdə olan Firidun bəy Vəzirova 1906-cı il aprelin18-də general-mayor rütbəsi verilir. Həmin il ordudan tərxis olunan general-mayor Firidun bəy Vəzirov doğma şəhəri Tiflisdə Mixaylovski prospektindəki yüz on bir saylı mülkündə yaşamışdır.  Nizami qoşun hissələrində otuz səkkiz illik qüsursuz xidmətində Firidun bəy Vəzirov yüksək ali ordenlərlə təltif olunmuşdur. 1882-ci il yanvarın 19-da o,  müsəlmanlar üçün təsis olunmuş III dərəcəli “Müqəddəs Stanislav” ordeni ilə, 1889-cu il mayın 6-da isə III dərəcəli “Müqəddəs Anna” ordeni ilə təltif olunmuşdur. O, həmçinin1898-ci il sentyabrın 22-də dördüncü dərəcəli “Knyaz Vladimir”, 1902-ci il avqusun 1-də ikinci dərəcəli “Müqəddəs Anna”, 1905-ci il noyabrın 20-də üçüncü dərəcəli “Knyaz Vladimir” ordenləri ilə təltif olunmuşdur. General-mayor Firidun bəy Vəzirova məxsus sənədlər arasında birisi xüsusilə diqqət çəkir. Həmin sənəddən aydın olur ki, məşhur maarifçi  İsmayıl bəy Əfənidiyevin Nuxa qəzasının kəndlərindən topladığı bayatılardan, beşik mahnılarından, atalar sözlərindən ibarət rus, ərəb əlifbasında yazılmış “Beşik mahnıları” general rus dilinə tərcümə edibmiş. Uzun müddət Rusiyanının ayrı-ayrı şəhərlərində yad mühitdə hərbi xidmətdə olmasına baxmayaraq, general Firidun bəy Vəzirov ana dilini incəliklərinə qədər qoruyub saxlaya bilib.

1919-cu ildə Tiflisdə Firidun bəy Vəzirov Azərbaycan Demokratik Respublikasının Müdafiə Nazirliyinin Baş qərargahının növbətçi zabiti polkovnik Əbdülhəmid bəy Qaytabaşının onun Azərbaycan Demokratik Respublikasının Müdafiə Nazirliyinə dəvət olunması barədə məktubunu alır.

Firidun bəy Vəzirov məktubu alandan sonra Bakıya yollanır və Azərbaycan Demokratik Respublikasının müdafiə naziri general Səməd bəy Mehmandarovun 351 saylı əmrinə əsasən Bakı şəhərinin komendantı təyin olunur.

1920-ci ildə Rusiyanın 11-ci ordusu dinc Azərbaycanın bütün ərazisini işğal edir. Bolşeviklər tərəfindən general Firidun bəy Vəzirov  tutduğu vəzifəsindən kənarlaşdırılır. 1921-ci il iyunun 2-də Azərbaycanın “ÇK”-sı tərəfindən həbs edilən Firidun bəy Vəzirova İslam partiyasınının üzvü olmasına və Gəncə qiyamında  iştirak etməsinə görə ittiham irəli sürülür.

Firidun bəy Vəzirov yazırdı: “Müsavat zamanı Bakı şəhərinin komendantı idim. Ona qədər isə Tiflisdə yaşayırdım. 1919-cu ildə Azərbaycanın Demokratik Respublikasının rəhbərliyi tərəfindən  Bakıya dəvət olundum və şəhərin komentantı təyin edildim. Bu vəzifədə Sovet hakimiyyətinin gəlişinə qədər xidmət edirdim. Mən 38 il Rusiyanın kavaleriya hissələrində xidmət etmişəm. Mənim Müsavatın rəhbərliyi ilə yaxından tanışlığım olmayıb və heç bir zaman hər hansı bir partiyanın üzvü də olmamışam.  Mən hərbi generalam və hərbi nizam-intizama tabeyəm”.

1920-ci il iyunun 19-da Azərbaycan Xalq Komissarları Şurasının sədri Nəriman Nərimanovun keçmiş general Firidun bəy Vəzirovun qeyd-şərtsiz  azad edilməsi barədə 1620 saylı orderi “ÇK”-nın komendantına göndərilir.

İllər ötür və 1925-ci il martın 19-da SSRİ-nin Mərkəzi İcraiyyə Komitəsinin sədri Nəriman Nərimanov Moskvada müəmmalı şəkildə vəfat edir.

Elə həmin il iyunun 30-da 75 yaşlı qoca general Firidun bəy Vəzirov Azərbaycanda “ÇK” tərəfindən güllələnir.

 

მსგავსი