16 May 2017
  • 121 ნახვა

Qədim Tiflisin qədim cizgiləri – Zərbxana (Zərrafxana)

Zərbxana (Zərrafxana) – Kürün sağ sahilində, Sion küçəsində çarlar sarayının cənubundan bir az aralı indiki İrakli meydanı yaxınlığında yerləşirdi. Kürün sahilində qoyulmuş lövhədən məlum olur ki, bu yerdə sikkə (tetri) kəsilirdi, Sınaq palatası - Zərrafxana var idi. Zərrafxana 1678-ci ilin «Nasğidoba» kitabında xatırlanır. Akademik İohan Anton Qildenştedt də onu görmüşdür. 1795-ci ildə Ağa Məhəmməd şah Qacarın Tiflisə hücumu zamanı dağıdılmışdır. Elə həmin yerdə Zərraflar küçəsi də olub.

VIII əsrdə ərəblərin istilası zamanı Tiflis zərbxanasında ərəblər tərəfindən ərəb sikkələri ilə yanaşı Tiflis dirhəmi deyilən sikkə də kəsilmiş və dövriyyəyə buraxılmışdır. Bu Tiflis dirhəmləri təkcə Qafqazda deyil, eləcə də onun hüdudlarından kənarda da istifadə olunurdu.

Çar XII Georginin ölümündən əvvəlki vaxtlarda zərbxana gürcü pulunun son sikkələrini kəsmişdir. Platon İoseliani yazır: «Çar Georgi dövründə gümüş abbasılıq, iki abbasılıq və bir pul vahidi kəsilirdi. Əmək haqqını tələb edən ləzgilərə görə çarın təhriki ilə gümüş badya və kuzələrdən 700 tümənlik sikkə kəsilmişdir».

XIX əsrin əvvəllərində Tiflisdə rus-gürcü emblemli xırda pul kəsilmişdir. 1802-ci ilədək Tiflis zərbxanasında bir daha heç bir şey kəsilməmişdir. Elə bu il  avqustun 25-də Tiflisin yeni zərbxanasının açılması barəsində əmr verilmişdir. Müəyyən hazırlıq işləri aparıldıqdan sonra, nəhayət 1804-cü ildə işə başlanmışdır. Zərbxana çarın keçmiş daş hamamında yerləşdirilmişdi. 1831-ci ilin iyulunda yağan güclü yağışlar zamanı zərbxananın köhnə binası tamamilə sarsılmış və onun tavanı uçmuşdur. Zərbxananın qurğu və avadanlıqları elə onun yaxınlığında yerləşən qədim Şah Abbas məscidinə aparılmışdır. Tiflis zərbxanası mövcud olduğu müddətdə (1804-1834-cü illər) 1804-1810-cu illərdə mis sikkələr kəsilmişdir. 1804-1834-cü illər ərzində isə üç növ gümüş sikkələr kəsilmişdir. 1834-cü ildə Tiflis zərbxanası öz fəaliyyətini dayandırmış və rus pulu dövriyyəyə buraxılmışdır.

                       Hörmətlə:Mirzə Məmmədoğlu                                                                                                                                  

 

მსგავსი