19 May 2017
  • 226 ნახვა

Qədim Tiflisin qədim cizgiləri – İrəvan meydanı

İrəvan meydanı Tiflisin əsas meydanı. Bu meydanın əsr yarımdan çox tarixi var. Meydan yaxın keçmişdə şəhərin qala barısının kənarında boş bir biyabanlıq idi. İndiki Leselidze küçəsinin Azadlıq meydanına birləşdiyi yerdə şəhərin əsas darvazalarından (Kocor) biri dururdu. Buradan iki yol başlayırdı. Onlardan biri şimala doğru, indiki Rustaveli prospekti istiqamətində, o birisi isə indiki Georgi Leonidze küçəsi istiqamətində Kocora doğru gedirdi. Sololak dərəsindən gələn yağış, qar suları burdan keçərək Kürə tökülürdü.

XIX əsrin məşhur gürcü tarixçisi Platon İoselianinin verdiyi məlumata görə, indiki meydanın şimal tərəfində təxminən indiki İncəsənət Muzeyinin yerində XVII əsrin sonlarında çar karvansarası dururdu. O kifayət qədər böyük olub. 80-ə qədər yatacaq yeri var imiş. Vaxuşti tərəfindən və 18-ci əsrin 80-ci illərində tərtib olunmuş Tiflis planında meydanın ərazisi cənubdan və şimaldan bağlarla əhatə olunmuşdu. Vaxuştiyə görə, burada çarın, çariçanın və mamasaxlisin (kəndxudanın) bağları var idi. İ. Paskeviçin 1785-ci il tarixli planında çar və çariçanın bağlarından başqa şahzadə Georginin də bağı qeyd edilmişdir. Vaxuşti Baqrationi bu yerlərdə yeganə bina göstərmişdir ki, onu da «Bejanın karvansarası» adlandırır. İndi həmin yerdə şəhər bələdiyyə idarəsinin binası yerləşir.

1825-ci ildə Yakov Zubalaşvili Türküstanisşvilidən aldığı torpaq sahəsində, meydanın şimal tərəfində mehmanxana tikir. Sonralar, 1838-ci ildə binanı patriarxlıq dini seminariyanı və sinodu yerləşdirmək üçün almışdır. İndi bu binada İncəsənət Muzeyi yerləşir.

1829-cu ildə rus qoşunları tərəfindən Türkiyə ilə müharibədə İrəvan qalası yaxınlığında qələbənin qeyd edilməsi münasibəti ilə qoşun sərdarı İ. Paskeviç «İrəvan qrafı» rütbəsi ilə təltif olunmuşdur. Tiflis meydanı isə İ. Paskeviç-İrəvanski adını almışdır. Sonralar qısaldılmış formada İrəvanski və ya İrəvan adı ilə qalmışdır. Bundan sonra da onun adı dəfələrlə dəyişdirilmişdir. Hazırda Azadlıq meydanı adlanır.

                                            Hörmətlə: Mirzə Məmmədoğlu                                                                                                                                   

მსგავსი