19 May 2017
  • 117 ნახვა

İlk azərbaycanlı şəfqət bacısı Nigar Şıxlinskaya

Nigar Şıxlinskaya Azərbaycanda yaxşı tanınan məşhur Qayıbovlar soyadının parlaq nümayəndəsi, maarifçi Hüseyn Əfəndi Qayıbovun ailəsində 1871-ci il oktyabrın10-da, başqa bir versiyaya görə, 1878-ci il martın 21-də Tiflisdə dünyaya gəlmişdir. Nigar 1889-cu ildə Zaqafqaziya Qadınlar Kollecini qızıl medalla bitirərək ali təhsilə yiyələnən ilk azərbaycanlı qadın olur.

Nigar görkəmli gürcü nəslinin nümayəndəsi Dərviş bəy Palavandişvilyə ərə gedibmiş. Onun vəfatından sonra  isə, 1909-cu il oktyabırın 27-də ikinci dəfə polkovnik Əlağa Şıxlinski ilə ailə həyatı qurub. Yeni ailə quran bu cütlük Peterburq yaxınlığındakı Tsarskoye Seloda məskunlaşırlar.

Nigar yaxşı təhsil almış qadın olub. Bir neçə dili, o cümlədən rus, fransız, ərəb və fars dillərini mükəmməl bilirdi. Elə bu məziyyətlərinə görə, o, tezliklə Artilleriya Zabit  Məktəbində qadınlar komitəsinin rəhbəri seçilir.

Birinci Dünya Müharibəsi başlayandan sonra o, Qərb cəbhəsində xidmət edir və burada Qırmızı Xaç Cəmiyyətinin xəstəxanasını açır. General Əliağa Şixlınski özünün “Əlağa Şıxlinskinin həyatı” adlı xatirələr toplusunda yazırdı: “Mənim həyat yoldaşım həmişə hərbi xəstəxanada olub və  öz  komitə sədri vəzifəsindən başqa yaralı əsgərlərə rus, azərbaycanlı, qazax dillərində  məktublar yazırdı. Onu əsgərlər “ana” deyə çağırıdılar. 1914-cü il avqustun 1-də “Russki invalid” qəzetində onun hərbçilərin həyat yoldaşlarına müraciəti dərc olunmuşdur”.

1918-ci ilədək Şıxlinskaya Qırmızı Xaç Cəmiyyətinə rəhbərlik etmişdir. 1920-ci il martın 10-da həyat yoldaşı Əlağa Şıxlinski Azərbaycan müdafiə nazirinin nümayəndəsi kimi, Azərbaycanın “Qırmızı Xaç və Aypara Cəmiyyəti”ni yaradır və həyat yoldaşı ilə birlikdə xeyriyyəçilik  fəaliyyətinə qatılır.

Sonralar Bakıya köçən Nigar Şıxlinskaya dövrü mətbuatda ədəbiyyat, mədəniyyət tarixi və başqa məsələlərə dair yazılarla çıxış etmişdir.

Nigar Şıxlinskaya 1931-ci il avqustun 15-də dünyasını dəyişmişdir. Əlağa Şıxlinski öz xatriələrində yazır: “Mənim həyat yoldaşımın ölümü mənim üçün çox ağır oldu. Nigar dünyasını dəyişəndən sonra mən sevincimi, eləcə də sağlamlığımı itirdim”. 

Şıxlinskayanın övladlarının olub-olmaması məlum deyildir. Bununla belə, general Əlağa Şıxlinskinin “Əlağa Şıxlinskinin həyatı” xatirələr toplusuna daxil olan bir fotoda qeyd edilmişdir ki, bu fotoda o, öz oğlu ilə çəkilmişdir. Sözügedən foto 1920-ci illərdə çəkilib.

 

 

მსგავსი