14 July 2017
  • 203 ნახვა

Azərbaycan Xalq Cümhuriyyəti ordusunun general-mayoru Əbdülhəmid bəy Qaytabaşı

Məşhur Azərbaycan hərbi xadimi, Azərbaycan Xalq Cümhuriyyəti ordusunun general-mayoru Əbdülhəmid bəy Şərif oğlu Qaytabaşı 1884-ci il iyulun 10-da Tiflis şəhərində hərbçi ailəsində anadan olmuşdur. Onun ulu babası Əbdülməcid  bəy XVII əsrdə İstanbuldan Tiflisə köçərək öz həyatının mühüm hissəsini Rusiyanın imperator ordusunda xidmət edib və kapitan rütbəsinədək yüksəlib.

Əbdülhəmid bəyin atası polkovnik Şərif ağa Qaytabaşı Qafqaz canişinliyinin hərbi idarəsində, baş komandanın dəftərxanasında şərq dilləri üzrə tərcüməçi işləyirdi. O, yaxşı işlərinə görə II dərəcəli “Müqəddəs Anna” ordeni ilə və II və III dərəcəli “Müqəddəs Stanislav” ordenləri ilə təltif olunmuşdur. 1883–cü ildə Rusiyanın silahlı qüvvələrində zabit səviyyəsində 25 illik xidmətinə görə ona  IV dərəcəli “Müqəddəs Vladimir” ordeni və lent verilmişdir.

Birinci arvadı öləndən sonra Şərif ağa qazaxlı zadəgan Mirzə Əliağanın qızı Xədicə xanımla evlənir ki, ondan da 1884-cü ildə ailənin yeddinci uşağı Əbdülhəmid bəy dünyaya gəlir.

1908-ci ildə Pavlov hərbi məktəbinin məzunu podporuçik Əbdülhəmid Qaytabaşı Yelizavetpolda yerləşən 251 saylı Şamaxı piyada ehtiyat alayında xidmətə başlayır. Birinci Dünya Müharibəsi başlayanda poruçik Qaytabaşı Qafqazın üçüncü ordu korpusunun 52-ci piyada diviziyasının 205-ci Şamaxı piyada alayı sıralarına daxil olur.

1915-ci ildə qərargah kapitanı Əbdülhəmid bəy Qaytabaşı döyüşdə göstərdiyi rəşadətə görə IV dərəcəli “Müqəddəs Vladimir” ordeni ilə, qılıncla və lentlə  təltif olunmuşdur.

1916-cı ildə general Şıxlınskinin əmri ilə polkovnik Əbdülhəmid bəy Qaytabaşı müsəlman korpusu qərargahının rəisi təyin olunur. Sözügedən korpus 1918-ci il iyunun 26-da ayrıca Azərbaycan korpusu kimi yaradılmışdı. Sözügedən korpusun tərkibində Əbdülhəmid bəy Qaytabaşı Azərbaycan Demokratik Respublikasının hərbi qüvvələrinə qatılır və korpus qəragahının növbətçi qərargah zabiti kimi xidmət edir.

Azərbaycan Xalq Cümhuriyyətinin hərbi naziri Səməd bəy Mehmandarovun 1918-ci il 15 noyabr tarixli əmri ilə o, Ümumi Qərargahın tərkibindəki növbətçi general vəzifəsinə təyin olunmuşdur. Onun tabeliyində müfəttişlər bölməsi, təmir və bərpa bölməsi, ümumi bölmə, qeyri-nizami bölmə və nəqliyyat bölməsi var idi.

Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurasının 1919-cu il 25 iyun tarixli qərarı ilə Qaytabaşı general-mayor rütbəsinə layiq görülmüşdür. 1919-cu il dekabrın 10-da general-mayor Həbib bəy Səlimov Bakı istehkamçılar hissəsinin rəisi təyin edilərkən ümumi qərargah rəisi vəzifəsinin müvəqqəti icrası Əbdülhəmid bəy Qaytabaşıya həvalə olunmuşdur. Bu vəzifələri Azərbaycan ordusunun qərargahı yaradılana qədər icra etmişdir. 1920-ci il martın1-dən fəaliyyətə başlayan Azərbaycan Ordusu qərargahında Qaytabaşı növbətçi generalın idarəsinə rəhbərlik etmişdir. Hərbi Nazirlikdə struktur dəyişikliklərindən sonra ümumi bölmə, təftiş bölməsi, pensiya bölməsi və nəqliyyat işləri bu idarəyə verilmişdi. Aprel işğalından (1920) sonra Əbdülhəmid bəy Qaytabaşı qısa müddət Azərbaycan Ordusu qərargahının rəisi vəzifəsini icra etmişdir. Lakin Azərbaycanda sovet-bolşevik rejiminə qarşı müqavimət hərəkatı genişləndikdə, bir çox cümhuriyyət generalları kimi, Əbdülhəmid bəy Qaytabaşı da bolşeviklər tərəfindən repressiyaya məruz qalmış və güllələnmişdir. 

მსგავსი