07 August 2017
  • 184 ნახვა

Qədim Tiflisin qədim cizgiləri – Tiflis

Tiflisin yaranması Vaxtanq Qorqasalın adı ilə bağlıdır. Ona həsr olunmuş əfsanədə nəql olunur ki, çar Vaxtanq Qorqasal Gürcüstanın o vaxtlar ana şəhəri olan Msxetanın həndəvərlərində ova çıxıbmış. Çarın şahini səmada gördüyü qırqovulun arxasınca düşür. Yavaş-yavaş onlar Msxetadan uzaqlaşırlar. Nəhayət şahin qırqovulun üstünə şığıyaraq ona hücum edir və yerə saldırır. Hər ikisi gölməçəyə düşür. Çar görür ki, quşlar qaynar gölməçədə bişmişlər. Odur ki, Qorqasal burada suyu qaynar olan xeyli bulaq aşkar edir. Məhz elə bu yerlərdə o, şəhər salmaq qərarına gəlir. Beləliklə, Tiflis şəhəri yaranır. Tiflis şəhərinin adının da mənası gürcücə «isti su» deməkdir. Və elə onun adı da bu isti sulardan götürülmüşdür. O vaxtlar Mtabor dağının ətəklərində olan isti bulaqlar indi də mövcuddur. Həmin bulaqlar əsasında tikilmiş hamamlar yerdən qaynayan isti sular ilə təmin olunur. Onu da qeyd etmək lazımdır ki, Vaxtanq Qorqasal çox ağıllı, uzaqgörən, zəhmətsevər siyasətçi, dövlət xadimi, fədakar sərkərdə olub. Onun ləqəbi Qorqasal farsca «canavar başı» mənasını daşıyır və onun dəbilqəsinin önündə canavar şəkli əks olunubmuş.

Text Box: «Gürcüstan həyatı»nda belə nəql olunur:

«Çar Vaxtanq isə qızıldan dəbilqə hazırladı. Önü qurd başı idi, arxası aslan bədəni. Qoşunun zora düşən tərəfində döyüşə girişər, şirin vəhşieşşəkləri qırdığı kimi farsları məhv edər. Onlar başında qurd və aslanın əksi olan Vaxtanqı görəndə: «Dur əz Qurdaslan!».

Buna görə də çar Vaxtanqa Qurdaslan adı verilmişdir ki, bu da gürcü dilində müəyyən dəyişikliklərə uğrayaraq Qorqasal adını almışdır.  

Onun atası çar Mirdət, anası İran şahzadəsi Saranduxt olub. İranı tərk edərək xristianlığı qəbul edib.

Gürcüstanın sonrakı çarları da özlərini - Qorqasalın varisi adlandırırdılar. Gürcüstanın çarlıq (dövlət) bayrağında Vaxtanq Qorqasalın obrazı əks olunmuşdu. Gürcüstanın pravoslav kilsəsi qəhrəman çarı müqəddəs elan etmişdi.

Tarixçi Cavanşir Vaxtanq Qorqasalın həyatı barəsində əsər yazmışdır.

Böyük fransız yazıçısı Aleksandr Düma Tiflis haqqında yazır:

«Tiflisin həqiqi adı - Tbili-kalaki, isti şəhərdir. Bu ad isti sulardan, yəni səyyahlara məlum olan qaynar İran hamamlarından irəli gəlir. Belə ki, onlar barəsində biz bayaq ötəri söhbət açmışıq. Öz isti suları ilə məşhur olan bir neçə şəhərin analoji ahəngdarlığı da maraqlıdır.

Qədim zamanlarda Numidiyada Tobilis şəhəri, bizim vaxtlarda isə gürcü Tiflisindən başqa Bohemiyada Tsilits şəhəri vardır ki, onun kökünün də isti mənasından düzəlməsini ehtimal etmək bilər».

Səyyah Jak Fransua Qamba yazırdı:

«Sövdəgərlər Parisdən, kuryerlər Peterburqdan, tacirlər Konstantinopoldan, ingilislər Kəlküttə və Mədrəsdən, ermənilər Smirna və Yəzddən, özbəklər Buxaradan eyni bir gündə gəlirlər. Belə ki, bu şəhəri Avropa və Asiya arasında şəbəkə bir yer kimi hesab etmək olar».

Xristianlığın intişar tapdığı dövrlərdə Tiflis Gürcüstanın paytaxtı Msxetanın yalnız bir kəndi idi. 469-cu ildə çar Vaxtanq Qorqasal (Qurdaslan) yeni Tiflisin əsasını qoymuşdur. Yenidən salınmış şəhər xəzərlər tərəfindən boşaldılmış, əmir Aqariyani tərəfindən isə bərpa edilmişdir. Msxeta indiki Baqrationilərin əcdadları olan Baqratidlərin qərargahı olub.

IV əsrin ikinci yarısında Varaz-Bakurun çarlığı dövründə İran Güney Qafqazın dövlətləri olan Ermənistanı və Kartlini tabeliyinə keçirdi. İran şahı Kartlidə ölkəyə hakim öz əyanı padşah adlanan Kərəm Xuar Borzardı təyin etdi. IX əsrin abidəsi olan «Moksevay Kartlisay» («Kartlinin dinə gəlməsi») bizə məlumat verir: «Və onda İran şahının padşahı Kərəm Xuar Borzard Tiflisə, Qalaya və Qəsrə gəldi və Kartli ona xərac verməyə başladı».

İranın padşahı Tiflisdə, onun qalasında oturdu. Tiflis İran əyanının-padşahın iqamətgahına çevrildi. Bu vaxtlar Tiflis yaşayış məntəqəsi idi. Öz qala-qəsri var idi. İşğalçılar onu möhkəmləndirdilər və gürcü çarının iqamətgahına, Kartlinin paytaxtı Msxetaya qarşı qoydular. 523-cü ildə iranlı işğalçılar İberiya hakimiyyətini ləğv etdilər. Bütün Qafqazda Tiflis şəhərində şah tərəfindən canişin-marzpan təyin olundu. XI əsrin gürcü tarixçisi Leonti Mroveli bu barədə məlumat verir: «Və İran eristavisi Msxetadan aralı Tiflis qalasını tikdi». Elə bu tarixçinin verdiyi məlumata görə, Buğa Türk şəhərə şərq tərəfdən, Soğdebil tərəfindən gəldi. Onun qoşunları burda Kürü keçərək şəhərə daxil oldu.

X əsrin ərəb tarixçisi Əl-Müqəddəs öz dövrünün Tiflisi barəsində yazır: «Tiflis dağlar arasında qəsrdir, onu Kür çayı ikiyə bölür, hər iki sahilə doğru genişlənmişdir və bu sahillər bir-birilə körpü ilə birləşdirilmişdir».

X əsr tarixçisi İbn Havqəl Tiflis barəsində yazır: «Tiflis böyüklüyünə görə Bab-əl-Avbabdan (Dərbənddən) kiçikdir... Onun palçıqla hörülmüş iki divarı, üç qapısı vardır. Şəhər ucuz ərzaqla doludur ki, bunlar da öz keyfiyyətinə görə başqa dövlətlərin ərzaqlarından qat-qat keyfiyyətlidir.

Tiflisdə çoxlu üzən dəyirmanlar vardır ki, bunlar da buğda və digər taxıl dəni üyüdür...». 

Kür çayı şəhəri Avlabar, Peski və Alman koloniyası adlanan şəhərətrafı yerlərdən ayırır.

1795-ci ilin sentyabrında şəhər Ağa Məhəmməd şah Qacar tərəfindən tamamilə darmadağın edilmişdir. Henrix Klaprotun verdiyi məlumata görə, həmin vaxtlar şəhər çox sıx idi, onun ən geniş küçəsindən bir araba zorla keçə bilərdi. Tiflisin o vaxtlar 15 min nəfər əhalisi var idi.

1820-ci ildə Tiflisdəki Fransa konsulu bura gələndə farsların şəhərə soxulması nəticəsində bütün küçələr darmadağın edilmişdi. Onun yazdığına görə, yerli əhali xarabalıqlara çevrilmiş bu küçələr ilə zorla öz daxmalarına gedə bilirdilər.

O, daha sonra yazır: «Hazırda Tiflisdə 60-75 min nəfərə qədər əhali yaşayır. Küçələrin eni 60 futa qədərdir. Burada gözəl evlər, muzeylər, karvansaralar, bazarlar və nəhayət, teatr, kilsə vardır. Bütün bunlar knyaz Q. Qaqarinin yaradıcılığında gözəl incəsənət əsərinə çevrilmişdir».

Fransız səyyahı Emil Leviye XIX əsrin 90-cı illərinin Tiflisini belə qələmə alır: «Yüksəklikdən şəhər axşamüstü gözəl bir mənzərədir. Eyfel qülləsindən çıl-çırağa qərq olunmuş Parisi seyr etdiyimi düşünürəm. Evlərin tikilməsi üçün boş yer qalmamışdır. Kürün hər iki tərəfində evlər qalaq-qalaqdır. Bizim olduğumuz mehmanxananın önündə Avropa mağazaları ilə bəzədilmiş, Paris bulvarı kimi geniş küçə vardır. Acarıstanın qara yollarına nisbətən burada səkilər daha genişdir. Solda canişin sarayı və digər ictimai binalar, muzey, kitabxana və sair vardır».

XIII əsrin məşhur venetsiyalı səyyahı Marko Polo yazırdı: «Gürcüstanda çoxlu şəhər və qala vardır. Həyat üçün lazım olan hər şey burda boldur. Bura ipək çox gətirilir ki, ondan da zərlə toxunmuş parça hazırlayırlar.

Bu ölkədə çox gözəl şəhər olan Tiflis vardır. Orda ipək və bir çox parça hazırlayırlar».

Azərbaycanın klassik şairi Molla Pənah Vaqif II İrakli ilə dostluq əlaqələri yaratmaq məqsədi ilə Tiflisə gəldiyi zaman onun füsunkar gözəlliyini poetik dildə ifadə etmişdir:                  

 

Vəh, bu bağın əcəb sərv-dilaraları var,

Hər tərəf tazə açılmış güli-rənaları var,

Açılıb tazəvü tər laleyi-həmraları var,

Yəni Tiflisin əcəb dilbəri-zibaları var,

Ey könül, seyr elə kim, türfə tamaşaları var.

                     

Mərhəba, Tiflis imiş cənnəti dünya yerinin,

Yığılıbdır ona cəmiyyəti hurü pərinin,

Mən bu şəhrin deyim vəsfini dilbərlərinin,

Filməsəl, şəklü şəmayildə, bəli, hər birinin

Məhi-tabanə bərabər sərü simaları var.

 

Ol qədərdir büti-nazikbədənü incəmiyan,

Eyləmək olmaz onun vəsfini məlumü əyan,

Hər biri nazü nəzakət bilə min afəti-can,

Cümlə bir cilvədə, bir şivədə, xoş sərvi-rəvan,

Məst tavus kimi gərdəni-minaları var.

 

Üzləri pərtövi-mehri-cahanara kimidir,

Səfheyi-sinələri simi-müsəffa kimidir,

Ləzzəti-ləhçələri nitqi-məsiha kimidir,

Əlləri möcüzeyi-həzrəti-musa kimidir,

Dilrübalıqda əcayib yədi-beyzaları var.

 

Ala gözlər süzülüb nərgisi-sirabə dönüb,

qabaqda xəmi-əbruləri mehrabə dönüb,

Ləl tək ləblərinin rəngi meyi-nabə dönüb,

Tökülüb gərdənə saçlar ucu qüllabə dönüb,

Sona cıqqası kimi zülfi-mütərraları var.

 

qədər varisə buxaqü zənəxdanü yanağ,

Tazə gül yarpağı tək qırmızıdır nazikü ,

Bir-birindən götürüb şöləsini misli-çirağ,

Görməyib kimsə belə qaşü gözü dişü dodaq,

Özgə babət sifətü surətü əzaları var.

 

Baği-rizvanda əgər huriyü qılman çoxdur.

Bu gözəllər kimi məqbulu müzəyyən yoxdur,

Nəsl-bər-nəsl gözəllik bulara buyruqdur,

Mən görənlər ki, mələkdən, pəridən artıqdur,

Hələ derlər ki, bulardan dəxi əlaları var.

 

Kəsrəti-hüsn ki, xoş mərtəbədir insanə,

Bəxş edibdir onu həqq dilbəri-Gürcüstanə,

Yox, sual etmək əgər məsləhəti-yezdanə,

Nola, yarəb, səbəbi, baisi bu xubanə?

Belə surətlərin, əlbəttə ki, mənaləri var.

 

Qalmışam valehü matü mütəhəyyir, dili lal,

Ey xudavəndi-cahan, gizli deyildir sənə hal,

Bu necə sibi-zənəxdan, bu necə zibü cəmal

Ki, veribsən bulara sən bu qədər izzü kamal,

Necə kim, var cahan, surətü əzaları var.

Bədəni-pakı çəkib abi-rəvan tək sulara,

Ağarıb tazəvü tər cümlə dönübdür qulara,

Abi-Kür nisbət edib boylarını qarğulara,

Neçə şeydən belə zahir ki, xudanın bulara

Nəzəri-mərhəməti, lütfi-hüveydarları var.

 

Biri həmmam ki, qüdrətdən olub bəzlü bərat,

Biri Kür suyi ki, hər cürəsi bir abi-həyat,

Biri bu xubluğu göyçəkligü pakizə sifat,

Biri oldur ki, nəcib, əsldə alidərcat,

Aləmin sərvəri vali kimi ağaları var!

 

Yeddi həmmam, həmmam ki, sərmənzili-hur,

Həşt cənnət kimi hər guşəsi bir mətləi-nur,

Bir əcəb abi-rəvan gərm qılıb onda zühur,

Şükür təqdirinə, ey qadirü qəyyumü qəfur,

Lütfünün bəndələrə neməti-üzmaları var.

 

Mənbəi-cudü kərəmdən açılır dürri-xoşab,

Basəfa hövzə dəmadəm tökülür misli-gülab,

Girsə bir kərrə ona mən kimi bir xanəxərab,

Getməz ondan dəxi bir canibə manəndi-hübab,

Getsə badə ki, mənzilü məvaları var.

 

Gərçi, ey Xizr, bulubsan şərəfi-feyzi-əzəl,

Verməyibdir könül asayişi amma sənə əl,

İstəsən ömri-dübarə, görəsən türfə gözəl,

Bircə təşrif gətir, Tiflisin həmmamına gəl,

Gör necə rahəti-canbəxşi-tənasaları var.

                     

Bu ocaq böyülə ocaqdır ki, işıq ayə salır,

Gün kimi şöləsini cümleyi-dünyayə salır,

Tez tutar xainü bədxahları vayə salır,

Hər kimin başına kim, mərhəmətü sayə salır,

Elə bilsin oların dinilə dünyaları var.

 

Vaqifa, səndə ki, yoxdur, bilirəm, zöhdü riya,

Şərti ixlas gərək eyləyəsən indi əda,

Elə bu valiyə, oğlanlarına xeyrü dua!

Saxlasın onları öz hifzi-pənahında xuda,

Hasil etsin qədər dildə təmənnaları var.

 

1795-ci ildə Ağa Məhəmməd şah Qacar Tiflis şəhərini tarmar edərkən Şikəstə Şirin «Əhvali-Tiflis» adlı mənzuməsində öz ürək ağrılarını belə ifadə etmişdir:

 

Ay ağalar, tarixlərdə görən var

Çox olubdur qalmaqalı Tiflisin.

Neçə-neçə şahlar gəlib gedibdir,

Heç olmamış belə halı Tiflisin.

                                                   * * *

Keşiş, mahrasa, qarı qoca

Qırdılar o ki, var gündüz gecə,

Qan axdı küçədən, bazardan necə

Nisbəti yağmuru, seli Tiflisin.

                                                   * * *

Can şirindir, heç şey görünmür gözə,

Ağlaya-ağlaya, yaş süzə-süzə,

Anası uşağın atırdı düzə,

Yandırırdı qəlbi, halı Tiflisin.

                                                   * * *

Ey Şikəstə Şirin, düşmən öyünü

Derdi: Tiflis görməmişdi bu günü,

Heç kimsədən getməz, dağı, düyünü,

İntiqamın alır vali Tiflisin.         

 

 

                                                                                                Hörmətlə: Mirzə Məmmədoğlu                                                                                                                                  

 

 

მსგავსი