01 October 2017
  • 159 ნახვა

Borçalının sevimli oğullarından biri- Tahir Hüseynov

Tahir İsmayıl oğlu Hüseynov 1930-cu il yanvarın 1-də Borçalı mahalının Qaçağan kəndində sadə kəndli ailəsində anadan olmuşdur. 1947-ci ildə orta məktəbi bitirdikdən sonra Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsinin jurnalistika şöbəsinədaxil olmuşdur.1952-ci ildə S. M. Kirov adına Azərbaycan Dövlət Universitetinin filologiya fakultəsini jurnalistika ixtisası üzrə bitirib.

1952-ci ildə ali təhsilini başa vurduqdan sonra əmək fəaliyyətinə radioda jurnalist kimi başlayan Tahir Hüseynov bədii yaradıcılıqda qələmini əvvəlcə poeziya sahəsində sınayır. 1954-cü ildə hekayə janrına üstünlük verir və dövrü mətbuatda ilk hekayəsi olan "Qonşular" işıq üzü görür.

1953-cü ildən başlayaraq Tahir Hüseynov müxtəlif qəzet və jurnalların redaksiyalarında jurnalistlik fəaliyyəti ilə məşğul olmuşdur. 1956-1963-cü illərdə Tbilisidə çıxan "Şərqin şəfəqi" qəzetində və müxtəlif rayon qəzetlərində çalışmışdır.

Tahir Hüseynovun bir yazıçı kimi əsas yaradıcılığı hekayə və povestlərdən ibarətdir. 1964-cü ildə ilk kitabı olan "Səadətimi axtarıram" nəşr olunur. Sonralar bir-birinin ardınca "İnsan düşünür" (1973), "Nigaran baxışlar" (1978), "Təzə məhəllədə" (1981), "Gecikmiş heykəl" (1983), "Borçalı əhvalatları" (1984), "İnsan dünyaya gəlir" (1987), "Çətin görüş" (1990) kitabları işıq üzü görür. Yazıçının yaradıcılığının əsas xüsusiyyəti real həyat səhnələrini təbii boyalarla çatdırmaqla oxucunu yaşadığımız məkan və zaman haqqında düşündürməkdir.

1964-cü ildə yenidən Bakıya gələn Tahir Hüseynov "Təşviqatçı" jurnalında bir neçə il məsul katib vəzifəsində çalışdıqdan sonra tərcüməçiliklə maraqlanır və Azərbaycan Teleqraf Agentliyində (sonradan Azərinform) tərcüməçi-redaktor kimi fəaliyyət göstərir. 1983-cü ildə görkəmli özbək yazıçısı Şükrullonun "Cəvahirat sandığı" əsərini Azərbaycan dilinə tərcümə edib nəşr etdirir.

Tahir Hüseynov yaradıcılığının ən məhsuldar dövrü 1980-ci ildən ömrünün sonuna qədər çalışdığı "Azərbaycan" jurnalındakı fəaliyyəti ilə bağlıdır. Bu dövrdə o özünü bir dramaturq kimi sınamış və "Torpaq dərdi" povesti əsasında pyes yazmışdır. Həmin pyes Mingəçevir Dövlət Dram Teatrında müvəffəqiyətlə tamaşaya qoyulmuşdur.

Tahir Hüseynovun əmək fəaliyyəti və yaradıcılığı Dövlət tərəfindən yüksək qiymətləndirilmişdir. 1990-cı ildə ona "Azərbaycan SSRİ-nin Əməkdar mədəniyyət işçisi" fəxri adı verilmişdir. O, 1958-ci ildən SSRİ Jurnalistlər İttifaqının, 1973-cü ildən isə SSRİ Yazıçılar İttifaqının üzvü idi.

Bu görkəmli yazıçımızın ölümündən sonra 2003-cü ildə Bakıda povestlərdən ibarət “Yanıq Abdullanın yuxuları” adlı sanballı bir kitabı da nəşr olunub.

 

 

მსგავსი