30 November -0001
  • 92 ნახვა

“Molla Pənah Vaqifin şeirləri” iki dildə: Gürcü və Azərbaycan dillərində işıq üzü görmüşdür.

XVIII əsr Azərbaycan şairi, məşhur siyasi və ictimai xadim, Qarabağ xanı İbrahim xan Cavanşirin baş vəziri Vaqif Gürcüstanda da çox sevilir. O, vaxtilə bir diplomat kimi İbrahimxəlil tərəfindən II İraklinin yanına göndərilmiş, burada gürcü çarı ilə dostluq əlaqələri yaratmışdır. Onun oğluna tərifnamə yazması, Tiflisə, onun gözəlliyinə, gürcü qızına şeirlər həsr etməsi hamıya məlumdur. Vaqifin bədahətən söylədiyi şeirlərinin axıcılığını, şirinliyini gürcü şairləri də öz şeirlərində sevə-sevə qeyd ediblər. Baqrationilər sülaləsindən olan Petre Qruzinski şeirlərinin birində belə bir ifadə işlədir: “Mən Vaqifin şirin dilində oxuyuram...”.

Vaqifin gürcü dilində ilk kitabı Konstantine Çiçinadzenin tərcüməsində Tbilisidə “Sovet yazıçısı” nəşriyyatında 1948-ci ildə “Gürcüstan barədə şeirlər” adı ilə nəşr olunmuşdur. Qısa ön sözü olan kiçik həcmli bu kitabda şairin üç şeiri: Tbilisiyə, gürcü qızına, İraklinin oğlu şahzadə Leona həsr olunmuş şeirləri verilmişdir. Redaktoru Simon Çikovanidir. 1968-ci ildə Molla Pənah Vaqifin anadan olmasının 250-ci ildönümü ilə əlaqədar “Literaturuli Sakartvelo” (“Ədəbi Gürcüstan”) qəzetində gürcü şairlərindən Karlo Kaladze, Şota Nişnianidze və Zezva Medulaşvilinin tərcüməsində onun şeirləri və məşhur türkoloq, Azərbaycan ədəbiyyatının yaxın dostu Georgi Şağulaşvilinin “Vaqif və Gürcüstan” adlı sanballı yazısı dərc olunmuşdur. Elə həmin il tanınmış alim, gənclik çağlarını Tiflisdə keçirən Əziz Şərifin ön sözü ilə Vaqifin ikinci, bu dəfə sanballı kitabı işıq üzü görmüşdür. Kitabda onun xeyli qoşması, qəzəli, müəşşəri və müsəbbəsi, müxəmməsi verilmişdir. Bu şeirləri tanınmış gürcü şairləri Paolo İaşvili, Konstantine Çiçinadze, Karlo Kaladze, Şota Nişnianidze, Vaxtanq Cavaxadze, Moris Potsxişvili, Zezva Medulaşvili, Otar Şalamberidze tərcümə etmişlər. Qeyd etmək lazımdır ki, “Koroğlu” dastanımızı, min bir bayatımızı, Füzulidən tutmuş müasir dövrə qədər bir çox Azərbaycan şairlərinin şeirlərini gürcü dilinə tərcümə edən, ruhumuzun tərcümanı Zezva Medulaşvilinin tərcümələri orijinala yaxınlığı ilə, dilinin rəvanlığı ilə şeçilir. Zezva Medulaşvili bir ildən sonra, yəni 1969-cu ildə “Sisartğela” (“Göy qurşağı”) jurnalında Vaqifin dörd iri həcmli şeirini dərc etdirmişdir.

Bu kitabda Vaqifin gürcü dilində nəşr olunan kitablarındakı şeirləri, eləcə də jurnal və qəzetlərdə dərc olunan şeirlərinə paralel olaraq orijinal şeirlər də verilmişdir.

Bu ideya-layihə kitabın tərcüməcisi və tərtibçisi Gürcüstan Yazıçıları Milli Akademiyasının Azərbaycan bölməsinin rəhbəri  Mirzə Məmmədoğluna məxsusdur.  Söhbət zamanı o demişdir:

-Bu kitab Azərbaycan Respublikasının Prezidenti İlham Əliye­vin "Molla Pənah Vaqifin anadan olmasının 300 ilik yubileyinin keçi­rilməsi haqqında" 12 yanvar 2017-ci il tarixli sərəncamına əsasən çap olunur. Kitabda Vaqifin gürcü dilində nəşr olunan kitablarında, eləcə də jurnal və qəzetlərdə dərc olunan şeirlərinə paralel olaraq onların orijinalı da yer alıb, həmçinin, gürcü dilində bu böyük şair barədə çap olunmuş məqalələr gürcü və Azərbaycan dillərində təqdim olunub. Bu kitabın M. P. Vaqifin 300 illik yubileyinə qitmətli töhfə olacağı qənaətindəyik. Ümidvaram ki, bu şəkildə çıxan ikidilli kitab gürcü və azərbaycanlı oxucuları bir-birilərinə daha da yaxınlaşdıracaq və dostlaşdıracaqdır. Bu kitab Azərbaycan dilini öyrənmək istəyən gürcülər, gürcü dilini öyrənmək istəyən azərbaycanlılar üçün, ümumiyyətlə, poeziyasevərlər üçün bir ərməğan olacaq, gürcü-Azərbaycan ədəbi əlaqələrinə də öz yeni xidmətini əlavə edəcək. Kitabın  tezliklə, Tbilisidə, eləcə də Bakıda  təqdimatlarıının keçirilməsi planlaşdırılır.

                                                                                                “Öz xəbərimiz”

მსგავსი