20 October 2031
  • 106 ნახვა

Mirzə Fətəlinin oğlu Rəşid bəy

Mühəndis, poliqlot, tərcüməçi Rəşid bəy Mirzə Fətəli oğlu Axundov 28 yanvar 1854-cü ildə Tiflis şəhərində anadan olmuşdur. 18 yaşındaykən "Şarl Mismerin Ali paşaya məktubu" fəlsəfi əsərini fransızcadan ruscaya çevirib; Alfred dö Breanın "Bir balaca parislinin həyatı" romanını isə fransızcadan dilimizə çevirib.

Atası M. F. Axundovun ədəbi irsini o, qoruyaraq saxlayıb.

Rəşid bəy 1863-1872-ci illərdə Tiflis klassik gimnaziyasında təhsil alıb.

1874-də ali təhsil almaq üçün Brüsselə gedir, lakin atasının 1878-ci ildə vəfatı onu sarsıdır, xəstələnir, maddi durumu pisləşir.

1882-ci ildə kursu bitirmədən Tiflisə qayıdır, az sonra təhsilini bitirməkçün Peterburqa gedir və yol mühəndisi olur.

1883-cü ildə Tiflisə dönərək Qafqaz Dairəsi Yollar İdarəsində işləməyə başlayır.

1905-ci ildə həm də quberniya katibi təyin olunur.

1906-1908-ci illərdə Tiflis Müsəlman Xeyriyyə Cəmiyyəti təftiş komissiyasının üzvü olan Rəşid bəy ruhi sarsıntı içində 1909-cu ildə tapança ilə özünü vuraraq intihar edib.  Ölməz mütəfəkkirimiz M. F. Axundov ömrünün ahıl çağlarında qocalığının onu üstələdiyi bir vaxtda yeganə oğlu Rəşid bəyə vəsiyyətnamə yazmışdır. Vəsiyyətnamədə deyilir:

 “Mən aşağıda imza edən podpolkovnik Mirzə Fətəli Axundov, qocalığımın yaxınlaşdığını hiss edərək, sağlam ağıla və möhkəm yaddaşa malik olduğum bir vaxtda bu vəsiyyətnamədə öz son iradəmi ifadə etmək istəyirəm: mənim öz əməyimlə əldə etdiyim iki daşınmaz əmlakım vardır: biri filiqelləri, dükanları və bütün başqa ləvazimatları olan iki-üçmərtəbəli evdir ki, Tiflisdə kupça kağızı ilə aldığım Vorontsov küçəsindəki torpaqda yerləşir; ikincisi Kocorda kiçik yaylaq evindən ibarətdir ki, mən onu da bəzi taxta tikililərlə birlikdə kupça kağızı ilə almışam. Buna görə də həmin vəsiyyətnamə ilə mən həm Tiflisdə, həm də Kocorda öz zəhmətimlə aldığım mülklərimi yeganə oğlum Rəşid bəy Axundova verirəm və istəyirəm ki, o, mənim ölıümümdən sonra həmin mülklərə tamhüquqlu və şəriksiz sahib kimi yiyələnsin, mənim varislərimdən heç bir başqa şəxs mənim ölümümdən sonra həmin mülklərə hər hansı bir iddia irəli sürmək hüququna malik deyil”. M. Rəfili “M. F. Axundov” adlı əsərində yazır: “Rəşidin həyatı faciəli olmuşdur. Vətənə dönəndən sonra o, uzun müddət iş tapa bilməmiş, Rusiyanı gəzmişdir. Fransız sosialistləri ilə əlaqədə şübhəli bilinərək, polis nəzarəti altında yaşamış, doğma xalqından və ictimai mübarizədən ayrı düşmüş, ideya çıxılmazlığından və çar polisinin onu sıxışdırıb saldığı həyat burulğanından nicat tapmayaraq öz həyatını intiharla bitirmişdir” .

 Tədqiqatçı-jurnalist Şəmistan Nəzirlinin üzə çıxartdığı məlumata görə 1909-cu il yanvarın 30-da Müfti Mirzə Hüseyn Əfəndi Qayıbov (1830-1917) Bakıda həkim işləyən oğlu Bahadır bəy Qayıbova yazırdı:  “Rəşid bəy molxulyanın (yəni melanxoliyanın - M. M.) “qələbə”sindən sonra məyusluqla özünü tapança ilə qətl elədi. Oğlu Fətəli bu günlərdə gələsidir. Rəşid bəy məni və Xanbaba xanı apekun (qəyyum) təzim edibdir. Bu barədə də kağız yazıbdır.

Bu gün “Kafkaz”dakı cənab sərdara və qrafinyaya oxunan nitqinin (reçinin) müsəlmancasını mən tərtib edib, sonra Nərimanov ruscasını, sərdara və qrafinya hüzurlarında oxuduq. Hər ikisi çox razı qaldılar və sərdar dedi ki, bu beş nəfər qızların vəsaitimlə Svyataya Ninaya götürməkləri mənim tərəfimdən bir cüzi nümunədir. Gələcəkdə gücüm çatan qədər müsəlman uşaqlarının təlim və tərbiylərinə çalışacağam...” .

Rəşid bəy Axundovun yeganə oğlu Fətəli bəzi məlumatlara görə “Molla Nəsrəddin jurnalında mürəttib işləmiş, Cəmil Məmmədquluzadənin məsləkdaşı İsmayıl Həqqi ilə bir vaxtda repressiyanın qurbanı olmuş,1938-ci ildə güllələnmişdir.

მსგავსი